Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin onunla birlikdə tutulan müavini, MTN polkovniki Yasin Məmmədovla dava etməsinə, bir-birlərinə xəsarət yetirmələrinə dair iddialar yayılıb.
İddialarda onların məhkəməyə gətirilən zaman dalaşdığı qeyd olunub. Onların dünən keçirilməli olan məhkəmə prosesi yollardakı vəziyyətlə əlaqədar təxirə salınıb. Bildirilib ki, Bakı İstintaq Təcridxanasından müttəhimlərin məhkəməyə gətirilməsi mümkün olmayıb. Zərərçəkənlər isə sabiq MTN-çilərin məhkəməyə gətirildiyini, lakin etap maşınında dalaşdıqları üçün prosesin təxirə salındığını iddia ediblər. İddialara görə, onlar əlbəyaxa olub, bir-birilərinin sifət nahiyələrinə xəsarət yetiriblər. Sifətlərində xəsarət izləri qaldığı üçün məhkəməyə çıxarılmayıblar.
İddialarla bağlı Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iddialar tamamilə yalandır. O, müttəhimlərin ümumiyyətlə təcridxanadan çıxarılmadığını qeyd edib:
“Bu, Mövlam Şıxəliyev haqqında növbəti yalan məlumatdır. Belə bir hadisə yaşanmayıb. Onlar dünən, ümumiyyətlə, təcridxanadan çıxmayıblar. Mövlam Şıxəliyev və Yasin Məmmədov günahsız olduqlarını sübuta yetirmək üçün aydın və vahid müdafiələrini qurublar. Onlara qarşı edilən haqsızlıqla hüquqi müstəvidə mübarizə aparırlar. Düşünürəm ki, bu cür iddialar cəmiyyətin fikrini hadisənin əsas mahiyyətindən yayındırmaq məqsədi daşıyır”.
Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il, Y.Məmmədov 10 il 6 ay, V.Ələkbərov 12 il 6 ay, S.Ələkbərov 8 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan MTN-çilər apellyasiya şikayəti veriblər.