Pensiyadakı artımlar nə vaxt ödəniləcək? - açıqlama

“Əmək pensiyaları haqqında” qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq təxminən 15 faiz artırılmalıdır. Pensiyalar, adətən, ayın ortası ödənildiyi üçün artımların nə zaman veriləcəyi isə müzakirə mövzusu olub.

Məsələ ilə bağlı iqtisadçı, deputat Vüqar Bayramov fikirlərini bölüşüb.

Deputat bildirib ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur:

“2022-ci ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu, o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda, bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq.

Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq. Xatırladım ki, pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək. 2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib. Bu, aylıq olaraq 16,7 manatdır. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği bu aydan 416,7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Bu, o deməkdir ki, 400 manat pensiya alan vətəndaşımızın pensiyası təxminən 62 manat artacaq”.

Millət vəkili bildirib ki, 2022-ci ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika yanvar ayının sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq:

“Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ