Ukrayna Putinin atəşkəslə bağlı çağırışına cavab verdi

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiya prezidenti Vladimir Putinin Milad bayramı zamanı atəşkəs elan etmək çağırışını rədd edib.

“Rusiya Federasiyası işğal olunmuş əraziləri tərk etməlidir – yalnız bundan sonra “müvəqqəti barışıq” mümkündür. İkiüzlülüyünüzü özünüzə saxlayın”, – Podolyak Twitter-də yazıb.

M.Podolyak mətbuata verdiyi açıqlmasında Rusiya prezidenti Vladimir Putinin Milad bayramında atəşkəs elan etmək qərarını və ukraynalıları eyni addımı atması ilə bağlı çağırışı təbliğat jesti adlandırıb.

“Rusiya əlavə səfərbərlik həyata keçirmək, işğal olunmuş ərazilərdə genişmiqyaslı istehkamlar qurmaq və ordunu yenidən qruplaşdırmaq üçün vaxt qazanmaq istəyir. Bu səbəbdən onlar döyüşlərin və logistik mərkəzlərinə hücumların intensivliyini ən azı müvəqqəti olaraq azaltmağa hər cür cəhd edir”, – deyə o bildirib.

Podolyakın fikrincə, Kreml avropalılara sülh istədiyini deyərək onları ukraynalılara göstərməyə məcbur etməyə çalışır.

“Sadə hiylə. Burada müharibəni bitirmək üçün zərrə qədər istək yoxdur. Üstəlik, nəzərinizə çatdırım ki, Rusiya dini ayinlərin keçirildiyi yerlər də daxil olmaqla, mülki hədəflərə raket və dronlarla hücum edir. Buna görə bir daha: Rusiya Federasiyası rəhbərliyinin qəsdən manipulyasiya təşəbbüslərinə reaksiya verməyə ehtiyac yoxdur”, – Podolyak yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ