Üç hərbçini qətlə yetirən kiçik çavuşa hökm oxundu

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında 3 hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın əldə etdiyi xəbərə görə, bu gün Füzuli Hərbi Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elxan Əvəzli ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, bu il yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 3 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ