Polşa Seymi (parlamentin aşağı palatası) Rusiyanın terrorizmi dəstəkləyən dövlət kimi tanınmasına dair qətnamə qəbul edib.
Bu barədə qurumun saytında məlumat verilib.
Polşalı parlamentarilər həmçinin Moskvanı soyqırımda və terror vasitələrindən istifadədə ittiham ediblər. Sənəddə bildirilir ki, Rusiya insan haqlarını, beynəlxalq hüququ, BMT Nizamnaməsini sistematik şəkildə pozur və iqtisadi fəaliyyətə, o cümlədən enerji sektoruna qarşı hərbi cinayətlər törədir.
Bundan əlavə, deputatlar bəyan ediblər ki, 2014-cü ilin iyulunda 298 sərnişin və ekipaj üzvünün həlak olduğu Malayziya Hava Yollarına məxsus (MH17) reysinin qəzaya uğramasında, eləcə də Polşa Hərbi Hava Qüvvələrinin təyyarəsinin (101 saylı reys) qəzaya uğramasında birbaşa Rusiya məsuliyyət daşıyır. 2010-cu ilin aprelində Smolenskdə baş verən qəza zamanı təyyarədə olan 96 nəfər, o cümlədən Polşa Respublikasının prezidenti Lex Kaçinski həlak olmuşdu.