1-ci sinif şagirdlərini belə cəzalandırdı - Töhmət verildi

Sosial şəbəkədə Xətai rayonu ərazisində yerləşən 25 nömrəli tam orta məktəbin I sinif şagirdlərinin müəllim tərəfindən psixoloji şiddətə məruz qalmaları ilə bağlı məlumat yayılıb. 

Bu barədə valideyn Pərvanə Rasim paylaşım edib. 

O qeyd edib ki, qızı ilə bərabər bir neçə birinci sinif şagirdi müəllim tərəfindən incidiliblər: 

“Sinfin müəllimi Səidə Hüseynova tapşırığı yaza bilməyən şagirdlərin şəklini çəkib və ibrət olsun deyə valideyn qrupuna göndərilb. O qeyd edib ki hər dəfə yazmayanlara belə üsulla "məsuliyyətli" olmağı öyrədəcək. Uşaqları həmçinin qaranlıq otağa salmaqla da hədələyib. Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmaması olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Normalda uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir”.

Valideyn əlavə edib ki, müəllim tərəfindən dəfələrlə uşaqlara fiziki və psixoloji şiddət göstərilib. Buna görə məktəb rəhbərliyinə dəfələrlə şikayət edilib, müəllimlə və məktəbin psixoloqu ilə dəfələrlə danışıb. Valideyn iddia edir ki, məktəbin direktoru Fəridə Şərifova həm istiliklə bağlı müraciətlərə, həm də Səidə Hüseynovanın uşaqlara qarşı kobud və qəddar davranışlarına əhəmiyyət verməyib: 

“Bundan öncə qızımın hazırlıq dönəmində həmin məktəbin digər müəllimi Aygün Məmmədova da qızıma dəfələrlə psixoloji şiddət göstərib. Uşaq ağlayıb gecələr qorxudan yerini isladırdı ki, “müəllimədən qorxuram, ona de, üstümə qışqırmasın”. Artıq orada nə baş verirdisə, bilmirəm. Etirazımı şifahi şəkildə Aygün Məmmədovaya bildirəndə mənə ağıl öyrədəcəksən? Özüm bilərəm necə davranaram!” dedi””. 

P. Rasimin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə yazılı və şifahi şəkildə Elm və Təhsil Nazirliyinə müraciət etsə də, heç bir reaksiya olmayıb. Sonra özünün xəbəri olmadan uşağı sinifdən çıxarıb Səidə Hüseynovanın qrupuna qoyublar. 

Hadisə ilə bağlı 25 nömrəli tam orta məktəbinə sorğu ünvanladıq. Təhsil müəssisəsindən müraciətimizə cavab olaraq bildirildi ki, sosial şəbəkələrdə məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumatla əlaqədar müvafiq araşdırma aparılıb və müəllimdən izahat alınıb: 

“Müəllim izahatında bildirib ki, uşaqlara psixoloji təzyiq göstərməyib, şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün onları tənbeh edib. Digər məqamlar barədə məlumatların (şagirdlərin sanitar qovşağa buraxılmaması, onlarla kobud rəftar olunması) həqiqətəuyğun olmadığını bildirib.

Məktəb rəhbərliyi tərəfindən sinifdə təhsil alan şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər”.

Məlumatda həmçinin qeyd edilib ki, məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ