“Yalnız ana südü ilə uşağı xəstəliklərdən qoruya bilmərik”.
Bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.
Onun sözlərinə görə, körpənin ilk peyvəndi ana südü hesab olunur:
“Ana südü də uşağı infeksiyalardan qoruyur. Lakin bu, o demək deyil ki, ana südü qəbul edən uşaq peyvəndlənməməlidir. Yanlış fikirdir. Ana südü uşağı xəstəliklərdən qorumur”.
N.Bayramova qeyd edib ki, peyvənd olunmayan uşaqlar gələcəkdə çox ağır fəsadlarla üzləşə bilərlər:
“Bu gün peyvəndlənmə sayəsində 6 milyona yaxın uşaq ölümünün, 7 milyondan çox uşağın isə şikəst olmasının qarşısı alınıb. Peyvənd ən əhəmiyyətli vasitədir. Peyvənd olunmayanların çox ağır xəstəliklərlə üz-üzə qalma ehtimalları çoxdur”.