Azərbaycanda çayın qiyməti kəskin bahalaşıb

Azərbaycanda çayın qiyməti kəskin bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, oktyabr ayında sentyabr ayına nisbətən 500 qram yerli çayın orta aylıq pərakəndə satış qiyməti 6,9 faiz artaraq 12 manatı ötüb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım demək olar ki, 11 faiz təşkil edib. Eyni zamanda, oktyabr ayında digər ərzaq məhsullarının bahalaşması rəsmi məlumatlara görə, 2 faiz təşkil edib. 

Statistikaya görə, ötən 10 ayda çay idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artıb, yerli istehsal isə 19,3 faiz azalıb.

Çayçılar bu mövsüm xüsusilə Lənkəran və Masallıda hava şəraitinin əlverişli olmadığını və buna görə də əksər fermerlərin yüksək məhsuldarlığa nail ola bilmədiklərini bildiriblər. Eyni zamanda çay yetişdirilməsinin maya dəyəri artıb və nəticədə qiymət artımı qaçılmaz olub.

Lənkəranlı fermer, “Yaşılçay” fermer təsərrüfatının sahibi Araz Yaqubov deyir ki, bir neçə ildir ki, hava şəraiti çay istehsalı üçün əlverişli deyil.

Subtropik ərazilərdə çay yetişdirmək üçün tələb olunan nisbi rütubət yayda ən azı 60 faiz olmalıdır. Lakin son illər bu rəqəm 25-30 faizi ötmür ki, bu da məhsuldarlığın azalmasına və fermerlərin itkisinə səbəb olur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ