İranda etirazlarda saxlanılan qadınları həbsxanalarda zorlayırlar

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində azı 378 etirazçı həlak olub, daha çox insan yaralanıb. 15 minə yaxın etirazçı həbs edilib. Onların bir çoxu hələ də həbsxanalarda və polis bölmələrində pis rəftara məruz qalırlar. CNN jurnalistləri saxlanılanlardan biri, aksiyalarda iştirak edən 20 yaşlı qızla söhbətləşib. O, polis bölmələrində cinsi zorakılıqdan danışıb.

Kürd əsilli Xana (CNN-in məlumatına görə, təhlükəsizlik məqsədilə adı dəyişdirilib) saxlanıldıqdan sonra İranın şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. O, cinsi zorakılığın şahidi və qurbanı olduğunu bildirib. Xana təcridxanada cəmi bir gün keçirib.

Onun saxlandığı ərəfədə anasına Mahabad şəhərindəki həbsxananın rəhbərliyinin yüksək rütbəli əməkdaşı olan tanışı telefonla zəng edib. O, qadını “heç bir halda” qızlarını evdən buraxmağa çağırıb ki, onlar etirazlarda iştirak etdiklərinə görə saxlanılmasınlar, çünki İran həbsxanalarında qadınlarla “çox pis rəftar edirlər”.

Xəbərdarlığa baxmayaraq, Xana etirazlara qoşulub və bir çox digər qadınlar kimi hicabını açıq şəkildə yandırıb. Polis ona bildirib ki, guya bu an müşahidə kamerasında düşüb və bununla da, onun saxlanmasına zəmin yaradılıb.

Xana ilə birlikdə daha 30-40 qadın, eləcə də polis əməkdaşları tərəfindən şiddətli döyülən 13-14 yaşlı yeniyetmələr saxlanılıb. 

“Lakin ən pis rəftar cinsi istismara məruz qalan qızlarla olurdu”, - Xana deyib.

Kamera yoldaşları ona stansiyada baş verən zorlamalar barədə danışıblar, və Xana özü də, saxlanılan yeniyetmələrdən birinin polisin dindirmə otağına aparmağa hazırlaşdığı bacısının müdafiəsinə qalxmağa çalışdığının şahidi olub. Polis onu dəyənəklə döyüb, bacısı isə qonşu otaqda qışqırıb. Xana qadının zorlandığına əmindir.

O özü də zorakılığa məruz qalıb. Xana bildirib ki, polis məmuru onu dindirmə otağına bağlayıb və orada cinsi əlaqə qarşılığında ona azadlıq vəd edərək hücum edib. CNN yazır ki, Xana ilə müsahibə zamanı polisin hücumundan sonra boynunda qalan qançır izi görünürdü.

Xananın sözlərinə görə, insanların İran həbsxanalarında və təcridxanalarında baş verənlərdən o qədər də xəbəri yoxdur, çünki polis qadınları qorxudur: 

“Onlar [qadını] hədələyəcəklər ki, başına gələnləri danışmasın, onu kim zorladığını, kim təhqir etdiyini heç kimə deməsin”.

Xananı həbsdən atası xilas edib və o, İrandan qaça bilib. Xana əmisinin ailəsi ilə bir qrup kürd qaçaqmalçısının ardınca bir neçə gün dağ yolları ilə gedib. CNN-in məlumatına görə, İran sərhədçiləri qeyri-qanuni olaraq ölkəni tərk etməyə cəhd edənlərə atəş açır.

Baş verən hər şeyə baxmayaraq, Xana başqalarından daha şanslı olduğuna əmindir. CNN yazır ki, bir çox məhbus “İranın qarışıq həbsxana sistemində” yoxa çıxır. Hüquq müdafiəçiləri CNN-ə bildiriblər ki, son illər İranda yüzlərlə insan izsiz itib.

“Cinsi zorakılığa məruz qalan və sonra başqa şəhərlərə aparılan qızlar var idi”, - Xana deyir. 
 
İtkin düşənlərdən biri 20 yaşlı Armita Abbasidir. Etirazlar başlayandan bəri o, sosial mediada hökumət əleyhinə yazılar dərc edib, baxmayaraq ki, onun küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi məlum deyil. Lakin polis qızı bu etirazlara rəhbərlik etməkdə ittiham edərək saxlayıb. Hüquq-mühafizə orqanlarından bildirilir ki, polis Abbasinin mənzilində axtarış apararkən 10 ədəd “Molotov kokteyli” aşkar edib.

Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini düz bağırsağından aldığı ağır xəsarətlə Tehranın Kərəc qəsəbəsindəki xəstəxanaya aparıblar. Qızın başı qırxılmışdı. Həkimlər onun çox qorxduğunu və titrədiyini bildiriblər.

Polis xəstəxana işçilərinin Armita ilə danışmasına mane olub və həkimləri zorlamanın onun həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur edib. Onun hekayəsi ictimailəşəndə polis qızı xəstəxanadan aparıb. Hüquq-mühafizə orqanlarından qeyd ediblər ki, o, yerli həbsxanaya köçürülüb, lakin bu məlumatın müstəqil təsdiqi yoxdur.

CNN jurnalistləri baş verənlərlə bağlı şərh almaq üçün xəstəxana ilə əlaqə saxlasalar da, onlara Armita Abbasinin heç bir qeydinin qalmadığı bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ