Kaliforniya hakimi Edvard Davila biotexnoloji startap “Theranos”un yaradıcısı Elizabet Holmsu 135 ay - 11 ildən bir qədər çox müddətə həbs cəzasına məhkum edib. Bu barədə “The New York Times” xəbər verir.
Bundan əlavə, Holms investorlara 121 milyon dollar məbləğində dəymiş ziyanı ödəməlidir. Startap qurucusu cəzasını çəkmək üçün 2023-cü il aprelin 27-də həbsxanaya göndəriləcək. Onun müdafiəsi artıq hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.
Yanvarda məhkəmə Holmsu 11 maddədən dördü üzrə təqsirli bilib. Prokurorlar onun 15 il müddətinə həbsə göndərilməsini və 800 milyon dolları təzminat ödəməsini tələb edib, müdafiə tərəfi isə məhkəmədən Holmsun 18 ay ev dustaqlığı və ictimai işlərə məhkum edilməsini istəyib.
Elizabet Holms 2003-cü ildə “Theranos” şirkətini yaradıb. Şirkət, Holmsun ixtira etdiyi texnologiya - ani qan analizi üçün cihazlar istehsal edəcəyinə söz verib. 2014-cü ilə qədər “Theranos” dəyəri 9 milyard dollar mələğində qiymətləndirilirdi.
2015-ci ildə Holmsun iddia etdiyi texnologiyanın işləmədiyi, “Theranos”un digər şirkətlərin avadanlıqları üzərində analizlər apardığı və nəticələrinin təhrif edildiyi məlum olub. 2018-ci ildə “Theranos” ləğv edilib və 2021-ci ildə Holmsa qarşı ittihamlar irəli sürülüb.
Holmsun hekayəsi bir neçə ekran əsərində işıqlandırılıb - 2019-cu ildə HBO tərəfindən çəkilən “The Inventor” və 2022 “Dropout” serialında.