“Taxıl sazişi”nin müddəti 120 gün uzadıldı

Ukrayna limanlarından taxıl və gübrə ixracına dair noyabrın 19-da başa çatan müqavilənin müddəti daha 120 gün uzadılıb.

“Taxıl müqaviləsi 120 gün uzadılacaq. Ukrayna BMT və Türkiyə ilə birlikdə ərzaq böhranı ilə qlobal mübarizədə mühüm qərar qəbul edib”, – Ukrayna prezidenti Volodimir Zelenski “Twitter” səhifəsində yazıb.

Müqavilənin uzadılması ilə bağlı məlumatı BMT-nin baş katibi Antonio Quterreş də təsdiqləyib. 

“Mən bütün tərəflərin Ukraynadan taxıl, ərzaq və gübrə ixracı ilə bağlı təhlükəsiz daşınmanı təmin etmək üçün Qara Dəniz Taxıl Təşəbbüsünü davam etdirmək razılığını alqışlayıram. Təşəbbüs çoxtərəfli həllərin tapılmasında diqqətli diplomatiyanın vacibliyini nümayiş etdirir”.

Rusiya tərəfi hələlik müqavilənin uzadılması barədə rəsmi açıqlama verməyib.

Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakovun sözlərinə görə, rəsmi Kiyev tərəfdaşlara təşəbbüsü ən azı bir il uzatmağı və Nikolayev limanını müqaviləyə əlavə etməyi təklif edib.

Rusiya və Ukrayna 2022-ci ilin iyulunda bir-biri ilə deyil, ayrı-ayrılıqda vasitəçilər - BMT və Türkiyə vasitəsilə taxıl ixracına dair müqavilə bağlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ