Azərbaycanlı bloger həbsxanada: ayaqları sınıb, 50 gündür aclıq aksiyası keçirir

İranda tanınmış azərbaycanlı bloger, siyasətçi və rejimin tənqidçisi Hüseyn Ronaği 50 gündür Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirir. Ronaği sentyabrın 24-də İranda keçirilən etirazlara dəstək verdiyi üçün həbs edilib. Həbsxanada ona işgəncə verilib, bundan sonra bloger aclıq aksiyasına başlayıb.

“Amerikanın Səsi”nin farsca nəşrinin məlumatına görə, ötən bazar Ronağinin vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib. İran rəsmiləri blogerin vəziyyətinin “stabil” olduğunu desələr də, ailə üzvləri və beynəlxalq ictimaiyyət onun taleyindən narahatdır.

Ronağinin yaxınlarının dediyinə görə, onun böyrək xəstəliyi olduğu və həbsxanada işgəncələrə məruz qaldığı üçün səhhəti risk altındadır. Məhkumun qardaşı Həsən Ronaği bildirib ki, Hüseynin hər iki ayağı sınıb.

Bununla belə, İran məhkəmə sisteminin rəsmi xəbər agentliyi Mizan qeyd edir ki, Ronaği tezliklə xəstəxanadan həbsxanaya qaytarılacaq, özünü yaxşı hiss edir. Onun hər iki ayağı sağdır.

Şənbə günü Ronaği sudan imtina edib və bazar günü Tehranın Dey Xəstəxanasına köçürülüb. İran məhkəmə sistemi həmin şəxsə hansı tibbi yardım göstərildiyi barədə təfərrüatı açıqlamayıb və ona qarşı ittihamları səsləndirməyib.

Həsən Ronaği daha sonra “Twitter”də qardaşının xəstəxana çarpayısında ədliyyə orqanları tərəfindən çəkilmiş şəklini paylaşıb. O, həmçinin valideynlərinin bazar ertəsi günortadan sonra məhbusu ziyarət etdiyini və “Hüseynin özünü yaxşı hiss etdiyini” bildirib.

Həsən Ronaği özünün “Twitter” səhifəsində yazdığı mesajda qardaşının tərəfdarlarından Tehranın Dey xəstəxanasının ətrafına toplaşmağı və Hüseynin Evin həbsxanasına qayıtmasının qarşısını almağı xahiş edib. Sosial şəbəkələrdə yayılan videoya görə, bu paylaşımdan sonra bir qrup insan Dey xəstəxanasının qarşısına toplaşaraq “Hüseyn Ronağiyə azadlıq!” şüarını səsləndirib. Təhlükəsizlik qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

AFP xəbər verir ki, “Wall Street Journal”ın əməkdaşı olan 37 yaşlı Hüseyn Ronaği İslam Respublikasının ən cəsur tənqidçilərindən biri olub. Həbsindən bir qədər əvvəl lentə alınan videomüraciətində o “bir çox insan İran üçün canını verməyə hazırdır və mən də bu insanlardan biriyəm” deyib. Ronaği əlavə edib ki, iranlılar dünyanın digər insanları kimi “adi” həyat sürmək istəyirlər.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bazar ertəsi deyib ki, “Ronaği kimi siyasi məhbuslara qarşı işgəncə və pis rəftar dayandırılmalıdır”.

Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları QHT-nin direktoru Mahmud Amiri-Moqhaddam deyib ki, İran rəhbərliyi Ronağinin sağlamlığına görə məsuliyyət daşıyır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ