Ten Haqa hörmət etmirəm, klub məni getməyə məcbur etməyə çalışdı - Ronaldu

“İnsanlar məni klubda görmək istəmirlər”. Bu barədə “Mançester Yunayted” futbol klubunun hücumçusu Kriştianu Ronaldu müsahibəsində bildirib.

“Piers Morgan Uncensored” şousu üçün danışan Ronaldu bir sıra sensasiyalı açıqlamalar verib. O, “Mançester Yunayted”i xəyanətdə ittiham edib.

“Bəli, klub məni getməyə məcbur etməyə çalışdı. Tək məşqçi yox, klubdakı bir neçə başqa adam da bunu istəyirdi. Özümü xəyanətə uğramış hiss edirdim. Hiss edirdim ki, insanlar məni klubda görmək istəmirlər. Təkcə bu il yox, keçən mövsüm də. Məndən “günah keçisi” düzəltdilər. Mən Ten Haqa hörmət etmirəm”, - deyə futbolçu qeyd edib.

Oktyabrın 22-də “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Ronaldunun komandanı tərk edə biləcəyindən danışıb. O, futbolçuya ümid etdiyini və onunla ayrılmaq fikrində olmadığını qeyd edib. Ten Haq onu da əlavə edib ki, Ronaldunun yanvarda getməsi ilə bağlı bütün söhbətlər fərziyyədir.

Portuqaliyalı bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 16 oyuna çıxıb. Onun hesabında üç qol və iki məhsuldar ötürmə var.

Yayda Ronaldunun “Mançester Yunayted”dən getməsi ilə bağlı xəbərlər yayılmışdı. Futbolçu transfer siyasətindən və klubun nəticələrindən, o cümlədən Çempionlar Liqasını çıxmamasından narazı idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ