Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik ATAGS yedəkli haubitsaları tədarük edəcək.
“The Hindu”nun məlumatına görə, sifariş “Bharat Forge Ltd”nin törəmə şirkəti olan “Kalyani Strategic Systems Ltd” özəl şirkəti tərəfindən alınıb.
Qəzet alıcı ölkəni dəqiqləşdirməsə də, “Business Standard” nəşri yazır ki, söhbət Ermənistandan gedir.
Qeyd olunur ki, bu, Hindistan tarixində belə artilleriya sistemlərinin ilk tədarüküdür. Müqavilənin məbləği 150 milyon dollardır, ixrac üç il ərzində həyata keçiriləcək.
Bundan əvvəl Hindistanın “Solar Group” şirkəti Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin tədarükü ilə bağlı müqavilənin imzalandığını elan etmişdi.
2020-ci ildə Hindistan Ermənistana dörd “Swathi” artilleriya kəşfiyyat radarı təhvil verib. Hindistan Ordusunun spesifikasiyasına uyğun olaraq hazırlanmış bu radarlar daxil olan artilleriya mərmilərini, minaları və raketləri izləmək, eləcə də artilleriya mövqelərini təyin etmək üçün istifadə olunur. KİV-in məlumatına görə, bu qurğular 44 günlük müharibə zamanı Qarabağda istifadə olunub. Düzdür, 40 milyon dollar dəyərində olan Hindistan radarları müharibədə heç bir fəaliyyət izi qoymayıb.