DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla saxlanılan və sonradan sərbəst buraxılan sabiq nazir müavini Elnur Əliyev açıqlama verib.
“Gununsesi.info” xəbər verir ki, Elnur Əliyev evində olduğunu bildirib: “Hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”.
Qeyd edək ki, cəmi bir il nazir müavini olan Elnur Əliyev DTX tərəfindən Mədəniyyət Nazirliyində keçirilən istintaqa cəlb edilib. Dindirildikdən sonra sərbəst buraxılıb. Hazırda istintaq davam edir. Ötən gün nazirin birinci müavini vəzifəsindən azad olunub.
Xatırladaq ki, noyabrın 1-də keçirilən əməliyyatda nazirliyin bir neçə vəzifəli şəxsi saxlanılıb. Artıq qurumun texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri İlkin Nəsibovla bağlı həbs qətimkan tədbiri seçilib. Onun E.Əliyevin xalası oğlu olduğu iddia olunur.