Gürcüstanda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün baş tutacağı gözlənilir.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, iki ölkə başçısının görüşündə sülh dövrünün başlanğıcını ehtiva edəcək sənədin imzalanması istiqamətində fəal hazırlıqlar aparılır.
Mənbə iddia edir ki, bu sənədin imzalanması Ermənistanın Qarabağdan rəsmi və qəti şəkildə imtinası demək olacaq.
Sənədlə İrəvan Qarabağın işlərinə heç bir şəkildə qarışmamaq öhdəliyi götürür, bölgənin etnik erməni əhalisi Ermənistan vətəndaşlığından və maliyyələşmədən məhrum ediləcək.
“Təkcə hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə idarəetmə sisteminin maliyyələşməsi dayandırılacaq. Ermənistan yalnız xeyriyyə və sosial xarakterli layihələri, məsələn, uşaq bağçasının sökülən divarının rənglənməsini həyata keçirmək hüququ əldə edəcək. Bundan savayı istənilən fəaliyyət separatizm və terrorizmi himayə etmək və maliyyələşdirmək kimi qiymətləndiriləcək.
Qarabağın erməni əhalisinin yalnız iki seçimi olacaq - ya onlar Azərbaycan vətəndaşlığını alıb öz yaşayış yerində yaşamağa davam edəcəklər, ya da Ermənistan vətəndaşları kimi Qarabağı tərk edəcəklər. Azərbaycan tərəfi 1992-ci ilə qədər azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrinin dərhal Ermənistanın nəzarətindən çıxarılmasını tələb edir. Bu, ilk növbədə Xocalıya aiddir. İlham Əliyev üçün Xocalıya ayaq basmaq Şuşa və ya Laçın kimi simvolik olacaq.
Odur ki, İlham Əliyev də öz növbəsində Soçidə bu sənədin imzalanmasının mümkünlüyünü nəzərə alaraq söyləmişdi ki, Qarabağ münaqişəsi artıq mövcud deyil, həll olunub və bu mövzuda hər hansı müzakirə ola bilməz. Rusiya sülhməramlı qüvvələrinə gəlincə, Ermənistan əhalisinin bir hissəsi Qarabağı tərk etdikdən və qalan hissəsi Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onların bölgədə qalmaları tamamilə mənasız olacaq. Azərbaycan elan edəcək ki, bu insanlar onun öz ölkəsinin vətəndaşlarıdır, onların hüquq və təhlükəsizliyini müstəqil şəkildə təmin etmək iqtidarındadır”, - öz mənbələrinə istinad edən “Hraparak” nəşri yazır.