Rusiya raketi Moldova ərazisinə düşdü - video

Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan raketin parçaları Moldovanın şimal-şərqindəki Naslavça kəndinə düşüb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Bir neçə evin pəncərələri sınıb. Hesabatda raketin kim tərəfindən buraxıldığı barədə məlumat verilmir.

Moldovanın NordNews nəşri kəndin şimal kənarına raketin düşmə anını əks etdirən video yayımlayıb.

Moldova Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin HHM sistemləri Moldovanın hava məkanında qeyri-qanuni uçuşlar qeydə almayıb, radar stansiyaları isə kiçik ölçüdə olduğuna görə vurulmuş raketin fraqmentlərini aşkar etməyiblər.

Oktyabrın 31-də Ukraynanın 10 vilayətinin əraziləri raket atəşinə tutulub. Mülki infrastruktura ciddi ziyan dəyib, yeddi rayonda yüzlərlə yaşayış məntəqəsi işıqsız qalıb. Ukraynanın Çernovtsı vilayətində, Naslavça kəndindən 23 kilometrdən çox məsafədə yerləşən Dnestr su elektrik stansiyasına hücumlar qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ