Moskva Sevastopol körfəzində Rusiya gəmilərinə hücumda iştirakı ilə bağlı Britaniyaya qarşı müvafiq tədbirlər görəcək.
Bu barədə Rusiyanın Londondakı səfirliyinin bəyanatında deyilir.
“Ukrayna Silahlı Qüvvələrinin britaniyalı mütəxəssislərin iştirakı ilə təşkil etdiyi hücum nəticəsində Rusiya tərəfi “Qara dəniz təşəbbüsü”ndə iştirak edən mülki yük gəmilərinin təhlükəsizliyinə təminat verə bilmir və onun icrasını qeyri-müəyyən müddətə dayandırmağa məcburdur. Oktyabrın 29-da Krım sahillərindəki hücumda Britaniyanın rolu ilə bağlı praktiki addımlar işlənib hazırlanacaq”, - səfirliyin məlumatında bildirilir.
Rusiya diplomatik missiyası həmçinin qeyd edib ki, Sevastopoldakı “terror aktı” Britaniya kəşfiyyat xidmətlərinin Ukraynadakı hərbi əməliyyatlarda iştirakını göstərir.