“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada “Nant” klubu ilə qarşılaşıb. “Bojuar” stadionundakı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Report”un məlumatına görə, matça fəal başlayan Ağdam klubu 7-ci dəqiqədə Toral Bayramovla rəqib qapısı qarşısına təhlükə yaradıb. Müdafiəçinin sol cinahdan yerlə ötürməsi son anda Ovusu Kvabenaya çatmayıb. Çərçivəyə ilk zərbəni isə meydan sahibləri endiriblər. 8-ci dəqiqədə Mustafa Məhəmmədin vurduğu top Şahruddin Məhəmmədəliyevdə qalıb. Bir dəqiqədə sonra Ovusu sürəti hesabına iki müdafiəçini keçib Alban Lyafonla üzbəüz qalsa da, qanalı hücumçunun fərqlənməsinə qapıçı imkan verməyib. 11-ci dəqiqədə Kadi Borgesin qüvvətli zərbəsini qolkiper çətinliklə dəf edib.
16-cı dəqiqədə hesab açılıb. Məhəmmədəliyevin səhvindən sonra Lüdovik Blas yerlə uzaq küncü dəqiq nişan alıb.
21-ci dəqiqədə fransalı yarımmüdafiəçi 2-ci qola yaxın olub. Amma qapıçı Blasın dubl etməsinin qarşısını alıb. 28-ci dəqiqədə Ovusu Bayramovun ötürməsinə toxunsa da, Lyafon zərbəni zərərsizləşdirib. 32-ci dəqiqədə isə afrikalı forvard yaxın məsafədən topu qapıçının üstünə vurub. 34-cü dəqiqədə Abdul-Kader Bambanın qüvvətli zərbəsini Məhəmmədəliyev çətinliklə qaytarıb. Hissənin sonlarına qədər qapılar qarşısında ciddi təhlükə yaşanmayıb və “Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.
İkinci yarının əvvəlində komandalar bir qədər ehtiyatlı oyuna üstünlük veriblər. Getdikcə təzyiqi artıran “Qarabağ” bunun nəticəsini 56-cı dəqiqədə görüb. Cərimə meydançasında özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini qola çevirən Filip Ozobiç tarazlığı bərpa edib.
Buraxılan qoldan sonra hücuma daha çox diqqət ayıran “Nant” futbolçuları 58-ci dəqiqədə yenidən önə keçmək üçün əla imkan əldə ediblər. Amma Məhəmmədəliyev inanılmaz reaksiya ilə rəqibin fərqlənməsinə mane olub. 61-ci dəqiqədə Kadi Borgesin cərimə zərbəsindən vurduğu top qapı dirəyindən geri qayıdıb. 73-cü dəqiqədə Ramil Şeydayevin sağ cinahdan ötürdüyü topa Zubir istədiyi kimi zərbə vura bilməyib. 75-ci dəqiqədə “Qarabağ”ın qapıçısı vaxtında mövqeyini tərk edərək, Mustafa Məhəmmədin fərqlənməsinə mane olub. 83-cü dəqiqədə misirli hücumçu növbəti dəfə diqqət mərkəzinə düşüb. Amma onun zərbəsindən sonra top az fərqlə qapının üstündən keçib. 87-ci dəqiqədə Ovusunun zərbəsində dəqiqlik çatmayıb. Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə isə "Nant" qələbə topunu vurub. İkinci hissədə meydana daxil olan İqnatius Qanaqo fərqlənib.
Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib.