Özünü “12-ci imam” kimi təqdim edərək bir qrup şəxsi aldadıb pullarını mənimsəyən Aqil Babayevin məhkəməsi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov ötən iclasda olduğu kimi bu dəfə də səbəb göstərmədən jurnalistləri zaldan çıxarıb.
Bugünkü iclasda zərərçəkmişlərdən biri Kavə Rövşən dindirilib. Məlum olub ki, o, avtomobil biznesi ilə məşğul olub.
Bu iş üzrə K.Rövşənə 72 min manat ziyan dəyib. Belə ki, o, Aqil Babayevə bu məbləğdə pulu zəkat kimi verdiyini deyib: “Aqil Babayevlə tanış olduqdan sonra onun fikirlərini bəyəndim. Nə sual verirdimsə, hamısına mükəmməl cavablar verirdi. Sonralar bu yuxularıma girməyə başladı. Hər gecə yuxuda onun imam olduğunu görürdüm. Tutaq ki, söhbət zamanı deyirdi ki, qiyamət olacaq, yuxuda görürdüm. Deyirdi ki, yağış yağacaq, gecəsi yuxuma girirdi. Belə deyək də, məni ovsunlamışdı".
İttiham olunan şəxsin vəkili zərəçəkmişə “Aqil Babayevin hansı qeyri-adi hərəkətini görüb ona inanırdız?” sualını verib. Zərərçəkmiş isə, “nə deyirdisə, yuxuma girirdi”, - deyə cavab verib.
K.Rövşənin ifadəsinə münasibət bildirən Aqil Babayev onunla razılaşmayıb: “Zəkat pulunu o, qardaşı ilə birgə yığırdı. Özləri yığıb, özləri də paylayıblar".
Məhkəmə noyabrın 15-də davam etdiriləcək.
Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.