Aktrisa Ancelina Coli iddia edib ki, keçmiş həyat yoldaşı aktyor Bred Pit 2016-cı ildə boşanmadan əvvəl ona və uşaqlarına fiziki və emosional təcavüz edib.
“The New York Times” xəbər verir ki, bu barədə Colinin oktyabrın 4-də Los-Ancelesdə Bred Pitlə əvvəllər birlikdə sahib olduqları fransız şərab zavodu ilə bağlı məhkəmə prosesi çərçivəsində verdiyi iddiada deyilir.
Sənədlərdə Coli 2016-cı ilin sentyabrında Pitt və altı uşağı ilə birlikdə şəxsi təyyarə ilə Fransadan Los-Ancelesə uçarkən baş verdiyi iddia edilən mübahisənin təfərrüatını açıqlayıb. Aktrisanın sözlərinə görə, dava zamanı Pitt uşaqlardan birini boğmağa, digərini isə üzünə vurmağa çalışıb.
Coli qeyd edib ki, mübahisə ailə hava limanına gəlməmişdən əvvəl başlayıb. Pitt uşaqlardan biri ilə münaqişə edib, və Coli nə baş verdiyini öyrənməyə çalışarkən əri onu uşaqlara qarşı yumşaq olmaqda ittiham edib. Təyyarənin göyərtəsində, hamamda tərəflər arasında dava olub.
“Pitt Colinin başından tutub silkələyib, sonra onu hamam otağının divarına itələyib”, - iddiada deyilir. Aktrisa iddia edir ki, Pitt ananın müdafiəsinə çıxan uşaqlarından birinin yanına qaçıb. O, ərini dayandırmaq üçün arxadan tutub, lakin Bred Pitt onu kürəyi ilə oturacağa çırpıb. Aktrisanın təqdim etdiyi sənədlərdə Colinin kürəyindən və dirsəyindən xəsarət alması qeyd edilib.
İddiaya görə, Bred Pitt Coli və uşaqların üstünə həmçinin pivə və şərab töküb. Təyyarə yerə enən zaman Coli uşaqlarla hotelə gedəcəyini deyib, Pitt isə qışqıraraq arvadını çiynindən tutaraq itələyib. Uşaqlardan biri atasından anasını incitməməsini xahiş edib, bundan sonra Pitt Colini sərbəst buraxıb və “Hamınız gedin!” dyeə uca səslə bildirib.
Bu hadisədən beş gün sonra Ancelina Coli boşanmaq üçün məhkəməyə müraciət edib.