Rumıniya tabloidləri azərbaycanlı iki imkanlı gəncin yerli modellə sevgi münasibətlərindən yazır. Cancan.ro saytının məlumatına görə, optik mağazalar şəbəkəsinin sahiblərindən biri, “mini eynək şahzadəsi” kimi tanınan Monika Kritesku azərbaycanlı investorun məşuqəsi olub.
Sözügedən azərbaycanlının Bakıda “çox nüfuzlu bir ailə ilə biznes əlaqələri” olduğu və Rumıniyada “məşhur” apteklər şəbəkəsinin sahibi olduğu bildirilir.
Bu yayın sonuna qədər Kristesku və azərbaycanlı arasında janrın bütün qanunlarına uyğun olaraq ehtiraslı sevgi münasibətləri inkişaf edib. Sevgililər “mini eynək şahzadəsi”nin Buxarestdəki iqəmətgahında görüşüblər.
Lakin iki həftə əvvəl gənc investor qəfildən “yoxa çıxıb”. Nəşr bildirir ki, Monika Kriteskunun malikanəsinin qarşısında dayanan nə kişi, nə də onun lüks avtomobilləri bir daha görünməyib.
Monika isə yeni sevgi macəraları axtarışına çıxıb. Azərbaycanlı sevgilisinin müəmmalı “yoxa çıxmasından” sonra onu Buxarestdə ən azı iki toyda və bir neçə restoranda görüblər. Ötən bazar günü “İzolette” restoranının qarşısında yerli media nümayəndələri Monikanı rəfiqəsi ilə birlikdə yaxalayıblar. Maraqlısı odur ki, Kriteskunun rəfiqəsi öz sevgilisi ilə olub və bu gənc Rumıniyada böyük biznesə sahib olan azərbaycanlı ailənin oğludur.
“Mini eynək şahzadəsi”nin sevgilisinin olmadığını öyrənən azərbaycanlı onu yaxın dostu - əslən Azərbaycandan olan investorla tanış edib. Növbəti “azərbaycanlı investor” evli olsa da, bu, onun yeni sevgilisini “Bentley”ə mindirib axşam dumanında onunla birlikdə yoxa çıxmasına mane olmayıb.
Daha sonra isə gözlənilməz hadisələr baş verib - Monikanın əvvəlki sevgilisi ortaya çıxıb və qadından yeni görüşdüyü azərbaycanlı ilə bağlı izahat tələb edib.
Telefon danışığından sonra sevgililər Monikanın iqamətgahında görüşüblər və cütlük münasibətlərini bərpa edib.
Bildirilir ki, azərbaycanlı iş adamı ilə görüşə qədər Monika Kristesku tanınmış rumın siyasətçisinin məşuqəsi, bacısı İrina isə meksikalı multimilyarder Karlos Slimin qohumu Hektor Bitarın həyat yoldaşı olub.