Qroznıda azərbaycanlının konsertinə qarşı çıxdılar - Kadırov onları duelə çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycan əsilli müğənni Cahid Hüseynlinin (JONY) Qroznıda keçiriləcək konsertini müdafiə edib. O, konsertdə həyat yoldaşı və qızlarının iştirak edəcəyini bildirib.

“Bu konsertin təşkilatçılarına təşəkkür edirəm. JONY azərbaycanlı müsəlmandır. Biz bütün mahnıları dinləyirik, səhv edən bir sənətçimiz yoxdur. Biz senzuraya riayət edirik”, – Kadırov Telegram-da yazıb.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkədə Çeçenistanda belə konsertlərə ehtiyac olmadığı barədə müzakirələr başlayıb, bəziləri qadınları ora buraxmamağa çağırıb.

“Kimin ağlına gələrdi ki, məşhur müğənni JONY-nin Qroznıda növbəti konserti dini diletantların narazılığına səbəb olacaq. Görürsünüz, divan ilahiyyatçıları (İslam elmini dərindən dərk etməkdən uzaq olanlar) bu gün nədənsə fəallaşıb və həm konsertin mövzusu ilə bağlı, həm də ailəmə görə ən xırda şeylərlə bağlı (misal üçün hansısa bir postu bəyənmək) danlamaq qərarına gəliblər”.

Kadırov diletantların nə yazdığını dəqiqləşdirməyib, lakin onları görüşə çağırıb.

“Əgər bu özlərini ilahiyyatçı adlandıran şəxslər deyilənləri təsdiqləmək və müstəsna təqvalarına və bütün ailə üzvlərinin dininə bağlı olduqlarına dair sübutlar gətirmək istəsələr, bu onlara başqalarını tənqid etməyə imkan verəcək. Sabah saat 12:00-da Qroznıdakı Şadlıq Evində keçiriləcək açıq dialoqa sizi çağırıram. Dini göstərişlərinizin boş söz deyil, gündəlik mənəvi mübarizə olduğunu sübut edin. Maraqlıdır, onlar özləri hər gün İslam qanunlarına uyğun yaşayırlar, yoxsa sosial şəbəkələrdə bununla bağlı mətnlər cızırlar. Ancaq əminəm ki, bu cür radikal və qəti şərhləri həyatda heç nəyə nail olmaq istəməyən adi avaralar yazırlar”, - Kadırov bildirib.

JONY-nin noyabrın 4-də Qroznıda konsert verəcəyi barədə məlumat avqustun 29-da sosial şəbəkələrdə bir sıra çeçen qruplarında dərc olunub. Konsert çeçen müxalifətinin Niyso Telegram kanalı tərəfindən tənqid edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ