Sosial şəbəkə istifadəçisi Seyfulla Azər məşhur müğənni Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısına çəkdirdiyi klipdə dayandığı qayaların hazırki vəziyyətini göstərən foto paylaşıb. 1969-cu ildə SSRİ Xalq artistinin kamera qarşısında ifa etdiyi “Mavi əbədiyyət” mahnısına klip Buzovna kəndində çəkilib. Hazırda həmin yer zibillikdir.
“Bu foto müğənninin dayandığı qayadan çəkilib. Gördüyünüz kimi, nadir abidə vandalizm qurbanına çevrilib”, - şəklin müəllifi sosial şəbəkədə yazıb.
Seyfulla Azər həmçinin qeyd edib ki, sakinlərin müdaxiləsindən sonra ərazidə fərdi evin tikintisi dayandırılıb.
Sosial şəbəkələrdə yayılan foto qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Bu arada kəndin tabe olduğu Xəzər rayon İcra Hakimiyyətinin mətbuat xidməti ərazidə iməcilik keçirməyi planlaşdırdığını açıqlayıb.
“Biz problemdən xəbərdarıq. Son zamanlar Buzovnada çoxlu qanunsuz tikilmiş restoranlar, villalar və digər obyektlər sökülüb, bütün zibillər sahildə, o cümlədən qayalıqlarda qalıb. Kənd sakinləri də ora zibil atırdılar. Biz hər şeyi yığışdıracağıq və sakinlər əraziyə sakit şəkildə baş çəkə biləcəklər”, - deyə vilayət administrasiyasındakı mənbə Sputnik Azərbaycan-a bildirib.
İməcilik gününə Buzovna sakinləri də qoşularaq idarənin əməkdaşlarına Xəzər sahilinin təmizlənməsinə kömək edə bilərlər.