Nazirlik Corc Qafarova ev verdi

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarova mənzil hədiyyə edib.

Axşam.az-ın məlumatına görə, bu haqda Corc sosial şəbəkədə paylaşım edib. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayıb.

“Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm”, - deyə, Corc paylaşımına yazıb.

ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Corc Qafarova dövlət tərəfindən mənzil verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinə təqdim edilmiş və Suraxanı rayonu 2 saylı Uşaq Evindən 11.03.2022-ci il tarixində verilmiş arayışda onun 2005-ci ildə “Ümid Yeri” Uşaq Sığınacağından Suraxanı rayonu 2 saylı Uşaq Evinə yerləşdirildiyi qeyd olunub. Corc Qafarov 282 saylı orta məktəbin XI sinfini bitirib və Uşaq Evində yaşadığı müddətdə heç bir yaxın qohumu ilə əlaqəsi olmayıb. Övladlığaverilmə prosesi 18 yaşınadək olan uşaqlara şamil edildiyi üçün 24.02.1995-ci il təvəllüdlü Corc Qafarov rəsmi olaraq övladlığa verilməyib. Qeyd olunanları nəzərə alaraq dövlət uşaq müəssisəsinin məzunu olaraq 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub”.

Qeyd edək ki, Corc və qardaşı Jerar anasını itirdikdən sonra 2 saylı uşaq evində qalıb. Daha sonra müğənni Roza Zərgərli onları övladlığa götürüb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ