Flora Kərimova Afət Fərmanqızıdan 100 min manat təzminat tələb edir

Xalq artisti Flora Fərimova müğənni Afət Fərmanqızı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.

APA xəbər verir ki, Xalq artisti bu dəfə Nərimanov rayon Məhkəməsində mülki iddia qaldırıb. İddiada Afət Fərmanqızının üzr istəməsi və dəymiş mənəvi ziyana görə maddi təzminat tələbi irəli sürülüb. Flora Kərimova dəymiş mənəvi ziyana görə Afət Fərmanqızıdan 100 min manat tələb edir.

İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-a təyin olunub. 

Müğənni Afət Fərmanqızı məsələyə münasibət bildirərkən qeyd edib ki, bir müddətdir ölkə xaricindədir, hamilə olması ilə bağlı həkimlərin rəyinə əsasən, Azərbaycana gələ bilmir:

“Flora Kərimovanın mənimlə bağlı növbəti dəfə məhkəməyə müraciət etməsindən xəbərdaram. Hazırda hamiləlik səbəbi ilə uzaq yola çıxa bilmirəm. Bildiyim qədəri ilə Flora Kərimova ondan üzr istəməyimi və mənəvi ziyana görə külli miqdarda pul tələb edir. İttihamların heç birini qəbul etmirəm, inşallah, səhhətim imkan verdikdən sonra ölkəyə qayıdıb məhkəmədə iştirak edəcəm”.

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ