Əməkdar artist Bəhram Bağırzadə feysbuk izləyicilərinə müraciət edib.
Buta.media xəbər verir ki, aktyor paylaşımlarını rus dilində etdiyi üçün ona irad tutanları tənqid edib.
Bağırzadənin sözlərinə görə, etdiyi iş çoxlarının xoşuna gəlir, bəziləri isə o qədər bəyənmir ki, ona hər cür bədlik və bəla arzulayırlar: “Səhifəmi oxuya, ya da yan keçib yazılarımı görməməzliyə vura, Ana və ya xarici dildə şərh yaza bilərsiniz. Amma mənim səhifəmdə gördüyüm işlərə görə üstümə neqativ tökməyin!
Xarici dildə yazmağımı bəyənməyənlərə bir sual vermək istəyirəm - bəs siz kimsiniz? Ana dilimdə deyil, xarici dildə arayış gətirdiyim mənzil istismar idarəsinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, hansısa komissiyanın üzvlərisiniz?”
Ölkəmizin dövlət dilinin Azərbaycan dili olduğunu xatırladan Əməkdar artist bunları əlavə edib:
“Amma siz bu qədər ağıllı və maarifçi insanlar, necə bilmirsiniz ki, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsi və 45-ci maddəsinin I hissəsi var ki, bu da istənilən Azərbaycan vətəndaşına, mən də daxil olmaqla, imkan verir ki, istənilən dildə oxuyaq, yazaq, danışaq və yaradaq! Biz müasir, demokratik və azad ölkədə yaşayırıq və əgər dövlətin ali qanunu mənə hər hansı dildən istifadə etmək hüququ verirsə, onda sizin nə haqqınız var ki, mənə nəyisə qadağan edəsiniz? Özünüzü Konstitusiyadan üstün hesab edirsiniz? Əgər belədirsə, onda bir psixoloq və ya psixiatrla əlaqə saxlamalısınız. Mən isə Bəhram Bağırzadə özüm üçün lazımlı və faydalı hesab etdiyim işlərlə məşğul olacağam”.
Bağırzadə onunla eyni dalğada olan bütün dostlarına və həmfikirlərinə sülh, xeyir və firavanlıq arzulayıb: “Səhifəmi, statuslarımı, hekayələrimi və digər mətnlərimi bəyənməyənlərə isə çıxış yolunu bildiyiniz üsulda səhifəmi tərk etməyi tövsiyə edirəm. Mən rəqəmlərin dalınca getmirəm, ona görə də bu gündən bütün neqativ insanları bloklayıb siləcəyəm.Əlvida, qaranlıq enerjinizi atmaq üçün başqa yer axtarın”.