Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Media FM-də yayımlanan “Manpası” verilişinin aparıcılarını tənqid edib.
T.Dadaşov bildirib ki, sözügedən verilişdə keçəl və kosa personajlarının guya dövrə, zamana uyğun olmadığı və ümumiyyətlə Novruz bayramının rebredinq olunması ilə bağlı fikirlər səsləndirilib.
“Novruz adətləri hansısa aparıcının tənqid edə biləcəyi mövzu deyil. Aparıcının efirdə bu cür sərbəstliyi, böyük-böyük danışması yolverilməzdir. Aparıcı zəhmət çəksin öz miqyasında olan məsələlərə münasibət bildirsin. Ümumiyyətlə bəzi aparıcılarda verilişlərinin reytinqinin gətirdiyi başgicəllənməsi hiss olunur”, - deyə Təvəkkül Dadaşov bildirib.
Məsələ ilə bağlı “Manpası” verilişinin aparıcısı DJ Fateh Oxu.Az-a açıqlama verib.
Bildirib ki, onun Novruz bayramının rebredinq olunması ilə bağlı fikirləri düzgün anlaşılmayıb:
“Təvəkkül Dadaşovun göstərdiyi münasibətə hörmətlə yanaşıram. Başqa bir şey deyə bilmərəm. Biz bərabər hüquqlu tərəflərdə deyilik. Təvəkkül müəllimin mənim işlədiyim radio üzərində ekspertiza və analitik rəy bildirmək kimi üstünlüyü var. Mənim onun söylədiyiklərinə hər hansısa bir fikir bildirmək üçün hüquqi əsasım yoxdur. Sadəcə Novruz bayramının rebredinq olunması ilə bağlı fikirlərim düzgün anlaşılmayıb.
Ona görə də belə bir reaksiya doğurub. O dediyim sözlərin bir qədər təhrif olunduğunu düşünürəm. Məhz bu təhrif də imkan verib ki, mən düzgün anlaşılmayım, sözlərim doğru yozulmasın”.