“Ağlı başında olan kişi vulqar qadına aşiq olmaz” - Günəş Tegin

“Çəkiliş üçün Daşkəsənin Bayan kəndinə təzə gedəndə qısa şort geyinmək qadağası qoyuldu. İstəmirdilər ki, şəhərdən gələn heyətin müasir formalarda ortalıqda dolaşmasını. Hətta bir dəfə çəkilişin ortasında paytaxtdan bir aktrisa gəlmişdi. Bir az açıq geyinmişdi. Dərhal film heyəti onu avtobusa saldı, üst-başını dəyişdirib, sonra çölə çıxmağına icazə verdilər. Düzdür, mehribanlıqla ev sahibliyi edənlər də var idi, amma çətinliklər də olurdu”.

Bunu “Lent.az”a müsahibəsində “Vətəndaş A” serialının “Almaz”ı Günəş Tegin deyib.

“Bu günlərdə bir universitetə tələbələrin görüşünə getmişdim. Bir tələbə qız mikrofonu alıb “mən həmin filmin çəkildiyi kənddənəm. Mat qaldım ki, sizə nəcə icazə veriblər orada çəkiliş etməyə” dedi. Lap dağların zirvəsində deyil, amma gözdən uzaq bir kənddir. Məsələn, qızların məktəb oxuması problemdir. 13 yaşa qədər icazə verirlər. O qız deyirdi ki, mən kəndimizdə bulaq başına gedəndə kişilərin mənə qəribə baxışlarla baxdığını hiss edirəm və o gözlərin ağırlığı altında əzilirəm”, - aktrisa əlavə edib.

O bildirib ki, Almaz obrazı xarici görünüşü ilə diqqət çəkməməli idi: “Fikrimiz o idi ki, diqqəti Almazın gözəlliyinə yox, fikirlərinə ideyalarına verək. Ümumiyyətlə, aktrisaların üzü onların biznesidir deyərdim. Aktyorun iş aləti öz bədənidir. Üzümüzü qorumalıyıq. Gedib plastik əməliyyatlar etdirirlər, dodaq, qaş, yanaq dəyişir. Botoksla mimikaları itirirlər. Sən bu şəkildə tarixi bir rolda necə çəkiləcəksən? Bununla bir aktyor kimi özünü artıq məhv etdin deməkdir.

Məncə, bu məsələyə İncəsənət Universitetində diqqət yetirilməlidir. Necə ki, qəbul vaxtı görünüşə diqqət edirlər, qabiliyyət imtahanı verirlər, buna da diqqət etməlidirlər. İş o həddə çatıb ki, indi təbii simalı insan görəndə təəccüblənirik, adama qəribə gəlir. Heç bir Avropa ölkəsində bizim qadınlar qədər dəyişmə, estetik əməliyyata meyl göstərilmir. Təəssüf ki, edənlərin çoxu da vulqar formada etdirir. Bunu kimə xoş gəlmək üçün edirlər anlamıram. Ağlı başında olan heç bir kişi belə vulqar qadına aşiq olmaz”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ