Pavel Durovun Fransada saxlanılmasından sonra “Telegram” messencerinin populyarlığı artıb.
“TechCrunch” yazır ki, bütün dünyada iOS cihazlarında “Telegram”ın yüklənməsinin sayı gündə dörd faiz çoxalıb.
Fransada avqustun 26-da Durovun messenceri sosial şəbəkələr kateqoriyasında “App Store”da yükləmələr üzrə birinci yeri tutub və proqramların ümumi reytinqində üçüncü olub. Amerikanın qadcetlər üçün “Apple” onlayn mağazasında “Telegram” messenceri avqustun 26-da sosial şəbəkə kateqoriyasında ikinci olub, lakin sonra üçüncü yerə düşüb.
“AppStore”nin ən yaxşı proqramlarının (buraya oyunlar daxil deyil) reytinqində messencer ABŞ-da populyarlığına görə 18-ci yerdən səkkizinci yerə yüksəlib.
“Telegram”ın təsisçisi avqustun 24-də axşam Parisin “Le Burje” hava limanına çatan zaman saxlanılıb. İlkin məlumatlara görə, o, qanunsuz əməliyyatların aparılması üçün onlayn platformanın idarə edilməsində şəriklik, yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanması, narkotik vasitələrin yayılması, hakerlik, dələduzluq və hüquq-mühafizə orqanları ilə məlumat paylaşmaqdan imtina da daxil olmaqla, 12 maddə üzrə cinayətləri törətməkdə şübhəli bilinir. Durovun həbs müddəti çərşənbə gününə qədər uzadılıb.