Müğənni və aktrisa Cennifer Lopez məhkəmədən aktyor Ben Affleklə nikahının pozulmasını istəyib. Cütlüyün boşanması ilə bağlı xəbəri TMZ yayıb.
Nəşrin məlumatına görə, boşanma iddiası şəxsən Lopez tərəfindən - vəkil olmadan qaldırılıb. Sənədlərə əsasən, Lopez və Afflek nikahdan əvvəl müqavilə bağlamayıblar. Aktrisa Afflekdən maliyyə dəstəyi tələb etmir.
Aktrisa bildirib ki, həyat yoldaşı ilə 2024-cü il aprelin 26-da ayrılıb. TMZ sənədlərdə Lopezin hansı səbəblə boşandığını göstərmir.
Cennifer Lopez Ben Affleklə iki illik evliliyinin ildönümündən qısa müddət sonra boşanma iddiası qaldırıb. 2000-ci illərin əvvəllərində görüşən müğənni və aktyor 2021-ci ildə münasibətlərini bərpa edib və 2022-ci il iyulun 16-da evləniblər.
Son bir neçə ay ərzində Lopez və Afflekin ayrıldığı və birlikdə yaşadıqları evi satışa çıxardıqları barədə xəbərlər yayılıb.