Meyxanaçıya Heydər Əliyev sarayında konsertə niyə icazə verməyiblər? - Özü danışdı

Meyxanaçı Orxan Lökbatanlı Heydər Əliyev sarayında konsert vermək üçün müraciətinin rədd edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Orxan Lökbatanlı Qaynarinfo-ya açıqlamasında xəbərin doğru olduğunu deyib.

Meyxanaçı bildirib ki, 4 ay bundan öncə saray rəhbərliyinə konsert vermək üçün müraciət edib, amma ona icazə verməyiblər:

“Mən özümə, sənətimə arxayınam, bilirəm ki, sarayın səhnəsini tamaşaçı ilə doldura bilərəm. Özü də mənim konsert layihəm fərqli idi. Yəni, mən tək  olmayacaqdım, qonaqlarım da olacaqdı. Amma olmadı”. 

Orxan Lökbatanlı müraciətinə yox cavabı almasının səbəbini repertuarı ilə əlaqələndirib:

“Düşünürəm ki, ancaq repertuar ola bilər. Amma saray konsert üçün məkandırsa, bu da mənim solo konsertimdir. Hamı necə, biz də elə, sənət adamları arasında ayrı-seçkilik etməzlər. İndi layihəmi həyata keçirmək üçün məkan axtarıram. Nə vaxt,  hansı məkanda icazə versələr, layihəmi həyata keçirəcəyəm”.

Qeyd edək ki, müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlı Heydər Əliyev Sarayında konsert vermək istəyib. Amma onlara sözügedən mədəniyyət ocağında konsert verməyə icazə verməyiblər. Xatırladaq ki, bu barədə məlumatı aparıcı-prodüser Tarix Əliyev “Xəbərin var?” verilişində yayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ