Xalq artisti Niyaməddin Musayevin avtomobilinin polis tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayılıb. Video sosial şəbəkədə yayılıb. Kadrlarda müğənninin maşınının polis tərəfindən saxlanıldığı və sənədlərinin yoxlanıldığı bildirilib.
Xalq artisti “Qafqazinfo”ya açıqlamasında əslində saxlanılmadığını, polisdən kömək istədiyini söyləyib:
“Mən axşamlar Ağ Şəhər bulvarına gəzintiyə çıxıram, sağlam həyat tərzi sürürəm. Dünən də “Bulvar hotel”in yaxınlığında maşını saxladım. Bildiyimiz kimi, yeni parkinq qaydalarına görə, avtomobili saxlayandan sonra proqram vasitəsilə parkinq ödənişi edilməlidir. Bu, edilmədiyi təqdirdə 20 manat cərimə gəlir. Mənim də müasir texnologiyalardan, proqramlardan elə də başım çıxmır. Maşını saxlayandan sonra xüsusi kodu daxil edib ödəniş etməyə görə orada xidmət aparan polislərə müraciət etdim. Onlar da mənə kömək etdilər, 1 manat parklanma ödənişini edib oranı tərk etdim. Polislərin köməyi ilə proqramı yoxladıqda maşınıma cərimə gəlmədiyini gördük”.