“Vaxtilə dahi Qara Qarayev başda olmaqla, Rəşid Behbudov, Arif Məlikov, Zeynəb Xanlarova, Cabir Novruz, Zəlimxan Yaqub xalqımızın incəsənət xadimləri olaraq parlamentdə əyləşiblər. Mənim üçün də çox fəxr, şərəf olar ki, Milli Məclisdə xalqımızı təmsil edim”.
Bu sözləri Pravda.az-a müsahibəsidə Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib.
O bildirib ki, bəstəkar müğənni kimi onun yaradıcılığı ötən il böyük layihələr, konsertlərlə yadda qalıb:
“Allah mənə millət vəkili olmağı qismət edərsə, bəstəkarlığımda, şairliyimdə, müğənniliyimdə, analığımda, balalığımda, dostlar arasında necə qayğıkeş olmuşamsa, parlamentdə də bu cür seçiləcəyəm. Bilinəcək ki, parlamentdə incəsənət xadimlərindən Elza Seyidcahan var. İncəsənət insanlarının hər zaman yanında olmuşam, bundan sonra parlamentdə olsam, mənim üçün şərəf olar. Kaş ki bu, həyata keçəydi. Yaşımın elə bir vaxtıdır ki, nə qocayam, nə də cavanam. Canımın sulu vaxtıdır. Yəni, tez olsaydı, deyərdim ki, bir az cahil olardım. Gec yaşda olsam, qoca olardım, deyərdim ki, məni narahat etməyin, canımla əlləşirəm. Allah göstərməsin. Bəzi millət vəkilləri var, deyirlər ki, xəstəyəm, məni narahat etməyin. Amma mənim indi, doğrudan da, ən güclü vaxtımdır. Enerjim çoxdur. Buna görə istəyərəm ki, enerjimi parlamentdə də millət vəkili kimi sübut edim, necə ki sənətimdə sübut etmişəm”.