Britaniya casusu Ceyms Bondun macəralarından bəhs edən “Dünya kifayət deyil” filminin çəkilişlərinin bir hissəsi Azərbaycanda aparılıb.
Filmin süjetinə əsasən, hadisələrin bəzi epizodları Azərbaycanda cərəyan edir. Ceyms Bondun neft kəmərinin tikinti sahəsinə gəlişi Bibiheybət qəsəbəsində lentə alınıb. Casusun neft obyektlərinə səfəri isə Neft Daşlarında çəkilib.
“Yadımdadır, orada hər yerdə neft buruqları gördük, bu, mənim üçün qeyri-adi mənzərə idi. Bizi orada çox mehriban qarşıladılar. O yadımdadır ki, avtomobil çox sürətlə gedirdi, ətrafımda neft buruqları var idi. Bunlar hamısı bizim film üçün lazımlı görüntülər idi. Mən Azərbaycanda yaxşı insanların əhatəsində dadlı yemək süfrələrini xatırlayıram”, - Ceyms Bond rolu ilə tanınan məşhur aktyor Pirs Brosnan deyib.
Bununla belə, filmdə Azərbaycandan bəhs edən səhnələrin hamısı ölkəmizdə çəkilməyib. Belə ki, Xəzər dənizindəki kürü zavodunda gedən döyüş Şərqi İngiltərənin kəndlərindən birindəki su anbarında, Qafqaz dağlarında xizəksürmə səhnəsi isə Fransadakı kurortların birində lentə alınıb.
Bondun rəfiqəsinin böyük məbləğdə pul uduzduğu Bakı kazinosu isə Britaniya Hərbi Hava Qüvvələrinin ən böyük bazalarından birində zabitlərin yeməkxanasıdır.
Ümumilikdə, ingilislərin Azərbaycan çox xoşuna gəlib. Onlar Bakıda çəkilən səhnənin atmosferli olduğunu deyiblər. Pirs Brosnan daha sonra qeyd edib ki, o, Bakıda maraqlı insanlarla vaxt keçirib və demək olar ki, hər axşam qara kürü yeyib.
Qeyd edək ki, filmin premyerası 1999-cu il noyabrın 8-də baş tutub.