Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş kimi tanınan Raziyyat Əliyevanın anası Xədijət Əliyeva ifadə verib. X.Əliyeva qızının Ziya Hüseynzadə tərəfindən döyülməsi barədə danışıb:
“Bir gecə qızım mənə mesaj yazdı. Təcili onlara gəlməyimi istəyirdi. Evdən necə çıxıb ora çatdığımdan xəbərim olmayıb. Qızımı 1 aydır görmürdüm. Qapını açanda qızımın çox arıqladığını gördüm. Çox pis oldum. Onu qucaqladım. Soruşdum ki, sənə nə olub? Dedi ki, Ziya pəhriz saxlayır deyə mən də diyetdəyəm. Razinin üzündə xırda qançırlar var idi. Soruşdum nə olub? Dedi ki, mezoterapiyadan sonra üzümdə ləkələr yaranıb. Evdən kişi səsi gəlirdi. Ziyanın səsi olduğunu bilirdim. Qızımın Ziya ilə əlaqəsi olduğundan xəbərim var idi. Ziyanı heç vaxt görməmişəm. Ancaq qızımla harasa gedəndə ətrafda Ziyanın olduğunu bilirdim. Qızım Ziya ilə bağlı yaxşı danışırdı. Razi Ziya haqda danışanda deyirdim ki, bəsdir, alınmırsa, ayrılın. Ziya qızımı sevdiyini, evlənmək istədiyini deyirdi. Bir dəfə qızımı evə aparmaq istəyirdim, Raziyə 3-4 dəfə zəng gəldi. Eşidirdim ki, zəng edən Ziyadır. Ziya qızıma deyirdi ki, heç yerə getmə...
Qızım 2 gün mənimlə qaldı. Zənglərin ardı-arası kəsilmirdi. 2 gün sonra qızım dedi ki, Ziya ilə barışıb, evə qayıdır. Sonra yenə bir müddət qızımla görüşə bilmədim. Görüşmək barədə qızıma yazanda hər dəfə bir bəhanə gətirirdi. Səbəbini sonradan bildim, onun bədənində salamat yer qalmamışdı. Son dəfə qızım gəlib bir müddət bizdə qaldı. Ziya hər gün bizim evə gül göndərirdi, Razi isə qəbul etmirdi. Mən də dedim mesaj yaz ki, ayrılaq. Bu mesajdan sonra Ziya gəldi bizim evə, qapını qırmağa çalışırdı. Mən 102-yə zəng etdim, polislər gəldi. Qızım onda polislərə döyülmə şəkillərini göstərdi”.
Məhkəmə prosesi martın 27-də davam etdiriləcək.
Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının onun tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları “İnstagram”da yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin ötən il mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib.
Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələri ilə ittiham olunur.