Məşhur aktyor avtomobildə ölü tapılıb

“Oskar” mükafatına layiq görülmüş “Parazitlər” filmində varlı ailənin başçısı rolunu oynayan Cənubi Koreyalı aktyor Li Sun Qyun avtomobildə ölü tapılıb.

Bu barədə “Yonhap” agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Ehtimal olunur ki, aktyor intihar edib. Linin tapıldığı avtomobil Seulun mərkəzindəki parkda saxlanılıb. Təcili yardım xidmətinin əməkdaşı bildirib ki, aktyor tapılan zaman artıq öldüyü üçün xəstəxanaya aparılmayıb.

“Yonhap” yazır ki, Li Sun Qyun evdən çıxarkən intihar edəcəyi ilə bağlı yazı qoyub. Məktubun məzmunu açıqlanmır.

Əvvəllər polis narkotikdən istifadə etməkdə şübhəli bilinən istintaq çərçivəsində aktyoru bir neçə dəfə dindirib. Li Sun Qyun nədən istifadə etdiyini bilmədiyini və aldandığını iddia edib. O, qanında narkotik maddə olub-olmaması üçün iki analiz verib, hər ikisinin nəticəsi mənfi olub.

Li Sun Qyun 2 mart 1975-ci ildə anadan olub. O, bir çox Cənubi Koreya filmlərində rol alıb, lakin ən çox Pon Çjun Ho tərəfindən çəkilən “Parazitlər” filmindəki cənab Park rolu ilə məşhurlaşıb. 2020-ci ildə film “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı orijinal ssenari” və “Ən yaxşı xarici dildə film” nominasiyalarında bir neçə Oskar mükafatı alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ