Sosial şəbəkələrdə uzun müddət ermənipərəst mövqeyi və Azərbaycanın digər dövlətlərlə münasibətlərini ləkələmək kimi uğursuz addımları ilə tanınan bloqer Aleksandr Lapşin Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının həlak olması ilə bağlı təfərrüatı tamamilə təhrif etməklə növbəti dəfə özünü gülüş obyektinə çevirib.
“Report”un xəbərinə görə, o, bəzi mənbələrə istinadən iddia edir ki, guya Azərbaycanın Qarabağ iqtisadi rayonunda Azərbaycan hərbçiləri Rusiya sülhməramlı kontingentinin üzvlərini uzun müddət saxlayıb və telefonlarının təhvil verilməsi ilə bağlı danışıqlar aparıblar (maraqlıdır ki, bu zaman sülhməramlılar birbaşa rəhbərləri ilə əlaqə saxlamayıblar) və sonradan onları buraxıblar. Lakin onun sözlərinə görə, daha sonra Azərbaycan təhlükəsizlik orqanlarının göstərişi ilə bir qrup sülhməramlı mühasirəyə alınıb və güllələnib.
Bu saxta xəbəri uyduran A.Lapşin unudur ki, sülhməramlıların ölümü ilə bağlı hadisə Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən birgə araşdırılır, onlar artıq hadisənin təfərrüatına və mahiyyətinə bələddirlər. A.Lapşin reallığa uyğun gəlməyən hekayə uydurmaqla bir daha özünü ələ salıb.
Qarabağ Azərbaycanın bir hissəsidir və orada bütün proseslər sülh yolu ilə aparılır. Aleksandr Lapşin regiona gələrək reinteqrasiya prosesi ilə ətraflı tanış ola bilər.