Yeni “iPhone 15” təqdim edildi: əsas dəyişikliklər nədən ibarətdir? - foto

Sentyabrın 12-də keçirilən təqdimatda “Apple” öz telefonlarının yeni modellərini - “iPhone 15”, “15 Plus”, “15 Pro” və “15 Pro Max” modellərini təqdim etdi. Təqdimat “Apple” şirkətinin saytında yayımlanıb.

Əsas yeniliklərdən biri bütün təqdim olunan “iPhone”larda USB-C girişinin olması idi. O, əvvəllər “Apple” tərəfindən telefonlarda istifadə edilən “Lightning”i əvəz edəcək. “AirPods Pro 2” qulaqlıqları da daxil olmaqla, şirkətin bəzi digər aksesuarları da USB-C ilə təchiz edilib.

Kiçik model “iPhone 15” və “15 Plus” telefonları əvvəllər yalnız pro-modellərdə olan “Dynamic Island” ilə təchiz olunublar. Telefon həmçinin ikinci nəsil “Ultra Wideband” çipi alıb, bunun sayəsində o, məsafədə yerləşən cihazlara üç dəfə daha sürətli qoşula bilir. Cihazlarda səs izolyasiya funksiyası da var.

“iPhone 15” və “15 Plus”ın arxa səthi mat rənginə malikdir. Telefonların əsas kamerasının təsvir ölçüsü 48 meqapikseldir. Kiçik modellərin telefonları beş rəngdə buraxılacaq - çəhrayı, sarı, açıq yaşıl, mavi, qara. “iPhone 15”in ekran ölçüsü 6,1 düym, “15 Plus”ın isə 6,7 düymdür.

“iPhone 15 Pro” və “15 Max” titandan hazırlanıb və bu modelləri “iPhone”ların ən yüngül pro versiyaları edir. “iPhone 15 Pro”da səs rejimlərini dəyişdirmək üçün fiziki düymə olmayacaq, bunun əvəzinə xüsusi Action Button düyməsi olacaq.

“iPhone 15 Pro Max” yeni periskop telefoto kamerası ilə beşqat optik zum, eləcə də daha aydın şəkillər təqdim etməli olan rahat sabitləşdirmə funksiyası alıb. “iPhone 15 Pro”da hələ də 3x böyütmə ilə kamera var. Bu modellərdə Vision Pro-da baxmaq üçün 3D video çəkmək imkanı da var. Dörd rəng mövcuddur - titan qara, titan ağ, titan mavi və təbii titan.

“iPhone 15”in qiyməti 799 dollardan, “15 Plus” 899 dollardan, “15 Pro” 999 dollardan, “15 Pro Max” isə 1199 dollardan başlayır. Yeni “iPhone” modelləri üçün ilk sifarişlər sentyabrın 15-də açılacaq, satışlar isə 22 sentyabra planlaşdırılıb.

Qeyd edək ki, “Apple” şirkəti elektron cihazların şarj portlarının unifikasiyası ilə bağlı Avropa Birliyinin qanununa görə “iPhone”ları “USB-C”yə keçirib. Qanun Avropa Parlamenti tərəfindən 2022-ci ilin oktyabrında qəbul edilib. Qanuna əsasən, 2024-cü ilin sonuna kimi naqilli kabel vasitəsilə enerji yüklənən bütün mobil telefonlar, planşetlər, kameralar və digər cihazlar “USB-C”yə keçməlidir. 2026-cı ilin yazından bu qayda noutbuklara da şamil ediləcək. Aİ səlahiyyətlilərinin fikrincə, bu, elektron tullantıların miqdarını azaldacaq, çünki yeni cihazın alınması ilə yeni şarj cihazı almağa ehtiyac qalmayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ