Hacı Nurana vəzifə verildi

Azərbaycanın tanınmış aparıcısı Hacı Nurana yüksək vəzifə verilib. Teleaparıcı “Xarıbülbül-Şuşa” voleybol klubunun prezidenti seçilib.

Bu barədə o, özünün sosial media hesabında məlumat verib. 

“Bu gün bu ali missiya mənə həvalə olundu. Olduqca gözlənilməz qərar idi. Qürurluyam və sevincliyəm. Etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışacağam. Əminəm ki, bundan sonra «Xarıbülbül» adına olan voleybol klubunun sorağı bütün dünyanın arenalarından gələcək. Etimad və güvən hər bir insan üçün vacibdir. Demək ki, gördüyün işlər, çəkdiyin zəhmət əbəs deyilmiş. Bu dəqiqələrdə həyatımın ən böyük etimadlarından biri ilə qarşılaşdım. “Xarıbülbül- Şuşa” voleybol klubunun prezidenti seçildim.  Olduqca gözlənilməz, amma xoş bir təklif oldu. Qəbul etdim. Vətənimin dilbər guşələrindən olan doğma Qarabağımızın simvolu olan Xarıbülbül adına bir komandanın prezidenti olmaq mənim üçün ancaq qürurvericidir”. 

Hacı Nuran paylaşımında onu da əlavə edib ki, peşəkar voleybolçulardan ibarət klubun yaradılmasında əsas məqsəd Şuşanın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya nümayiş etdirməkdir:

“Komandanın hədəfi Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbülü beynəlxalq arenada tanıtmaq, daşıdığı formanı layiqincə təmsil etmək, bu adın dünya idmanında geniş yayılmasına töhfə verməkdir.  Kifayət qədər təcrübəli, eləcə də gənc voleybolçulardan təşkil olunan komanda ötən il Macarıstanda keçirilən təlim-məşq toplanışında iştirak edib və yoxlama oyunlarında qələbə qazanıb”. 

Qeyd edək ki, klubun təsisçisi beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi İlqar Tofiq oğlu İmamquliyevdir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ