Pediatr yayda uşaqların qidalanması ilə bağlı valideynlərə müraciət edib

Yay aylarında hava isti olduğundan qidaların tərkibi tez dəyişir və buna görə qidalanmada diqqətli olmaq lazımdır

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. Həkimin sözlərinə görə, yüngül və yeni hazırlanmış qidalara üstünlük vermək lazımdır:

“Yay aylarında hava isti olduğundan həm uşaqlarda, həm də böyüklərdə iştahsızlıq müşahidə edilə bilər. Buna görə yüngül zülallı qidalara, ağartı məhsullarına üstünlük vermək lazımdır”.

Həkim bildirib ki, isti aylarda iştahsızlıqdan müəyyən qədər çəki itkisi olsa da, bu narahat olunacaq məqam deyil.

“Xüsusilə də uşaqlar yemək yeməyəndə və ya iştahsız olanda valideynlər narahat olmamalıdırlar. Uşaqları yemək yeməyə məcbur etməməlidirlər. Əlavə vitamin komplekslərinin də qəbul edilməsinə ehtiyac yoxdur. Əgər uşağın orqanizmində müqavimət yaxşıdırsa və dondurma yemək istəyirsə, iki yaşından sonra icazə vermək olar. Lakin soyuq içkilərin verilməsi tövsiyə edilmir”, - həkim qeyd edib.

Həkim qeyd edib ki, yay aylarında gün ərzində saf suyun qəbulu daha çox tövsiyə edilir:

“Orqanizmin tələbatından asılı olaraq bədənin maye balansı qorunmalıdır. Valideynlər uşaqlarını maye qəbuluna öyrəşdirməlidirlər”.

Əkbər Quliyev deyib ki, uşaqların rejimsiz və yatmazdan öncə qidalanması piylənmə yaradır.

Həkim bildirib ki, axşam yatmamışdan iki saat öncə qidanı dayandırmaq lazımdır:

“Çünki yuxu saatına yaxın orqanizm özünü yatmağa hazırlayır. Buna görə çalışmaq lazımdır, yatmamışdan bir neçə saat öncə çətin həzm olunan qidalar qəbul edilməsin. Axşam saatlarında yemək yeyiləcəksə də, yüngül qidalara, tərəvəzlərə üstünlük verilməlidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ