Tanınmış meyxanaçı narkotiklə tutulub

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Mahir Qonşuyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib.

Araşdırmalarla M.Qonşuyevin sosial şəbəkələrdə “Mahir Ay Brat” adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

DİN sosial şəbəkə istifaçilərinə, gənclərə, yeniyetmələrə, özündə cinayətkarlığı və zərərli vərdişləri ehtiva edən videolar, musiqilər, həmçinin digər bu tipli mövzularda olan məlumatları paylaşmamağı tövsiyə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ