ATV-də aparıcı olmuş Samirə tənqidlərə sərt cavab verdi

“Uzun zamandan sonra qərara gəldim ki, cavabsız buraxmayım. Çünki susduqca, siz susmursunuz. Amma öncə yerləşdirdiyim şəkli çevirərək oxuyun. Əvvəla mən artıq 4 ildir ki, nə aparıcıyam, nə aktrisa, nə mügənni, nə də məşhur biri. Sadə vətəndaşam”.

Buta.media xəbər verir ki, bu sözləri ATV telekanalının tanınmış siması olmuş və aparıcı kimi çalışmış, hazırda tanınmış vizajist kimi fəaliyyət göstərən Samirə Mustafayeva sosial media hesabında yazıb.

O, dəyişilmiş görüntüsünün ətrafında gedən müzakirələrə və haqqında yazılan tənqidlərə kəskin münasibət bildirib:

“Görəsən, kimə nə fayda verdi Samirənin görkəmindəki dəyişiklik? Hər gün körpə qız və oğlanların cinsi zorakılığa məruz qalması, gənc qızların intiharı, narkomaniya, cinsiyyətini qadına dəyişən kişilərdən vacibdirmi Samirənin görkəminin dəyişməsi? Yəni bu qədərmi qlobal məsələ idi bu? Bekar qalmısınız? Yoxsa nədir dərdiniz? 15 il gecə-gündüz, bayram, yas bilmədən əziyyət çəkib çalışdım, bu gün bu sahədə çalışan bəzi gənc jurnalistlərə dəstək oldum, ən ali mükafatımı – Cənab Prezidentin tərəqqi medalı ilə təltif olundum. Gülünc məlumatla 15 illik əziyyətimi ləkələməkdən başqa nəyə nail olursuz? Nə verdi axı bu sizə?

Bu gün övladımı böyütmək, özüm öz ayağımda dayanmaq üçün 4 ölkədə əziyyət çəkib öyrəndiyim peşəyə aid suallarla müraciət edin. Bir xəbər aparıcısının, sonda bir qadının zəhmətlə başqa bir sahədə yeni nailiyyətlərə necə yiyələndiyini işıqlandırın. Çətindirmi yaxşılıq etmək?

O ki, qaldı görkəmə… Görkəmimi yuxarıda qeyd etdiyim kimi, sizə görk etmədiyimə görə bu barədə çox yazmaq istəməzdim. Nə kosmetoloqların hamısını mən istifadə etmişəm, nə də estetik cərrahların yanına yazılma növbəsini tək mən doldurmuşam. Nə etmişəm, özümə etmişəm və güzgüyə baxdığımda halımdan da məmnunam. İllər keçməsinə baxmayaraq, pis, yaxşı məni xatırladığınız üçün təşəkkür.

Xahiş edirəm, boşanma ərəfəmdən bu günə kimi nə yazdınızsa susdum, cavab vermədim, hər şərhdə bilib-bilmədən yazdığınız sözlərə görə nələr keçirdiyimdən xəbəriniz olmadı. Bu barədə çox dərinə getmək istəməzdim, xahiş edirəm başımı salıb uşağımı böyüdürəm. Mənimlə işiniz olmasın. Görürəm ki, mən susduqca, siz susmursunuz.

Gündəmdə olmaq istəsəydim, telekanallar, saytlar üzümə açıqdır. Məşhur olmaq həvəsim qalsaydı, hətta öz İnstaqram səhifəmdən belə istifadə edə bilərdim. Çox rica edirəm, məni belə məsələlərlə gündəmə gətirməyin. Həyatda heç birimiz heç nədən sığortalı deyilik. Bu gün mənim üçün düzgün, doğru yaşamaq, əvvəlki zamanlardan daha çətindir, hər şeydə böyük məsuliyyət daşıyıram”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ