Emin Ağalarov “Crocus Group”un birinci vitse-prezidenti vəzifəsini tərk edərək yeni çoxşaxəli “Agalarov Development” şirkətini yaradıb.
“Mən şirkəti tərk etdim və hazırda öz layihələrimlə məşğulam: “Sea Breeze” kurort şəhəri, fitness klublar şəbəkəsinin inkişafı, eləcə də restoranlar şəbəkəsi”, - Ağalarov Rusiya mətbuatına müsahibəsində deyib.
O, getməsini onunla izah edib ki, şirkətdə 22 il çalışıb, paralel layihələrin sayı artıb və “Crocus Group”da artıq beş-on il əvvəl olduğu kimi səmərəli işləmək mümkün deyil.
“Biz atamla (Araz Ağalarov, “Crocus Group”un sahibi) danışdıq və birgə qərar verdik ki, mənim vəzifələrim şirkətin aparıcı top-menecerləri arasında bölüşdürüləcək”, - iş adamı əlavə edib.
Emin yeni “Agalarov Development” şirkətinin təkcə tikinti ilə deyil, digər sahələrdə də məşğul olacağını vurğulayıb. Müəssisə doqquz biznes sahəsində fəaliyyət göstərəcək və 60 layihə, o cümlədən fitnes klublar şəbəkəsi və restoranlar şəbəkəsi hazırlayacaq. Bundan əlavə “Agalarov Development” Bakı yaxınlığındakı “Sea Breeze” kurort kompleksini və Moskva vilayətindəki “Estate Mall” ticarət mərkəzini idarə edəcək.