Kann Film Festivalında “Qızıl Palma” mükafatına fransız rejissoru Jüstin Trienin “Anatomie d'une chute” (2023) filmi layiq görülüb.
Festivallar sarayının səhnəsində çıxış edən Trie, “mükafatını hələ öz filmlərini ərsəyə gətirə bilməyən bütün gənc həmkarlarına həsr etdiyini” söyləyib.
“Mənim buna 15 il vaxtım getdi”, - deyə o bildirib.
“Anatomie d'une chute” filmi ərini öldürməkdə şübhəli bilinərək həbs edilən yazıçının hekayəsindən bəhs edir. İşdə yeganə şahid onların kor oğludur, filmin gedişatında o, anasının günahsızlığına şübhə etməyə başlayır. Filmdə baş rolu alman aktrisa Sandra Hüller canlandırıb. 44 yaşlı Trie Kannda baş mükafatı qazanan üçüncü qadın rejissor olub.
İkinci ən mühüm mükafat – “Qran Pri” britaniyalı rejissor Conatan Qleyzerin “Maraq zonası” filminə verilib.
Ən yaxşı kişi roluna görə mükafatı “Gözəl günlər” filmində oynayan yapon aktyor Kodzi Yakusyo alıb. Türkiyəli aktrisa Merve Dizdar “Kuru otlar üstüne”filmindəki roluna görə “Ən yaxşı qadın rolu” mükafatına layiq görülüb.
Münsiflər heyətinin mükafatı finlandiyalı rejissor Aki Kaurismyakinin “Ölü yarpaqlar” filminə layiq görülüb.