Mayın 16-da axşam Nyu-Yorkda şahzadə Harri və Meqan Marklın avtomobili iki saata yaxın KİV nümayəndləri tərəfindən təqib edilib. Şahzadənin nümayəndəsi bildirib ki , bu “amansız təqib” zamanı yolda digər avtomobillər, piyadalar və polislə az qala toqquşma baş verib.
BBC xəbər verir ki, maşında Meqanla anası Doriya Reqland da olub. Mayın 16-da axşam onlar “Women of Vision” mükafatlandırma mərasimindən sonra evə qayıdırdılar. Meqan Markl qadın hüquqlarının müdafiəsinə verdiyi töhfəyə görə mükafat alıb.
“İctimai xadim statusu ictimaiyyətin marağına səbəb olsa da, bu, heç kimin təhlükəsizliyi bahasına olmamalıdır”, - Harrinin nümayəndəsi bildirib.
Xatırladaq ki, Harrinin anası şahzadə Diana 1997-ci ildə Parisdə paparassilər tərəfindən təqib edilərkən avtomobil qəzasında həlak olub. O, avtomobildə milyarder Dodi əl-Fayedlə olub. İstintaq göstərib ki, sürücü təqribən iki dəfə sürət həddini aşıb: avtomobil saatda təxminən 100 kilometr sürətlə tuneldəki sütunlardan birinə çırpılıb.