Kamal Yaşarın verilişi bağlandı - Açıqlama

Bir neçə gün əvvəl Prezident İlham Əliyevə dublyaj sahəsində mövcud problemlərlə bağlı müraciət edən aktyor, aparıcı, Kamal Yaşarın “Mədəniyyət” telekanalında yayımlanan “Kinokitab” verilişi bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor özü məlumat yayıb. O, bunun məhz 14 fevral – Milli Televiziya və Radio Günündə baş verdiyini bildirib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC məsələ ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, “Mədəniyyət” kanalının “Kinokitab” verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı və verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib:

“Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi. Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil.

Onu da əlavə edək ki, “Kinokitab” verilişi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər “Mədəniyyət” kanalının əməkdaşları yox, kənar müəlliflərdir”.

Xatırladaq ki, K. Yaşar videomüraciətində dublyajda mərkəzləşmənin olmamağından gileylənmiş, maliyyəni azaltmaq üçün bir filmin məcburən cəmi bir neçə aktyor tərəfindən səsləndirildiyini bildirmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ