“Xəstəxanada vəziyyəti stabil idi. Ona yaxşı baxırdılar. Həkimlərdən Allah razı olsun. Birdən-birə dərmanlar böyrəklərinə mənfi təsir etdi”.
Bunu “Qafqazinfo”ya ötən gün vəfat edən müğənni Zeynəb Dostəliyevanın bacısı Xalq artisti Nazpəri Dostəliyeva bildirib.
Onun sözlərinə görə, ötən gün səhər saat 08:00-09:00 radələrində reanimasiyadan zəng vurub bacısının böyrəklərinin fəaliyyətini dayandırdığını deyiblər: “Həkimlərdən xahiş etdim ki, əlinizdən gələni edin. Bir daha həkimlər müdaxilə etdilər. Sonra böyrəklərini təmizləmək üçün aparata qoşdular. Axşam saat 20:00 radələrində bacım Zeynəb dünyasını dəyişdi”.
N. Dostəliyeva bildirib ki, sağalacağına özü də, bacısı da inanıb:
“Məni öpüb, qucaqladı. Dedi ki, “bacı, mən sənin qədrini bilməmişəm. Niyə belə etmişəm?!”
O hər zaman qədrimi bilirdi. Ölümünü hiss edirdi, amma mən ona dəstək olurdum. Deyirdim ki, nə danışırsan, oğlun Orxana ev alıb onu evləndirəcəyik. Sevincindən məni qucaqlayıb ağladı. Öpdüm, dedim ağlama. Gözlərimə belə bir ümid gəlirdi ki, o sağalacaq. İnfeksiya tamamilə sovrulmuşdu və yaxşılığa doğru gedirdi”.