Aktyor Culian Sands Kaliforniyada dağlarda itkin düşüb

“Cadugər” (“Warlock” 1989 ) və “Las-Veqası tərk edərkən” filmlərindəki rolları ilə tanınan 65 yaşlı britaniyalı aktyor Culian Sands Cənubi Kaliforniyada San Qabriel dağ silsiləsində gəzinti zamanı itkin düşüb. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Variety” məlumat yayıb.

Sands yanvarın 13-də axşam saatlarında itkin düşüb. Bu, ailəsinin aktyorun Baldi dağına (Los-Ancelesdən 80 kilometr aralıda) gəzintiyə çıxması və geri qayıtmaması barədə məlumat verdikdən sonra məlum olub. Yaxınlıqda Sandsın maşını tapılıb.

Şənbə günü, yanvarın 14-də xilasedicilər cığırdakı hava şəraiti və uçqun təhlükəsi səbəbindən aktyorun axtarışlarını dayandırmalı olublar. Yerli hakimiyyət orqanları vaxtaşırı axtarış yerinə helikopterlər və dronlar göndərir.

Culian Sands 150-dən çox film və serialda çəkilib. O, Helena Bonham Karterin də rol aldığı Ceyms İvorinin “Mənzərəli otaq” filmində baş rolu oynayıb. Bundan əlavə, Sands “Ouşenin on üç dostu”, “Ölüm tarlaları”, “Eksprompt” filmlərində, həmçinin “24 saat”, “Dekster”, “Qotem” və digər seriallardakı işi ilə tanınır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ