Azərbaycanlı modelyer, dizayner və iş adamı Rüfət İsmayıl Türkiyədə tikinti dələduzluğunun qurbanı olub.
Türkiyə KİV-in məlumatına görə, o, İstanbulun Esenyurt səmtində tikilməkdə olan binadan 280 min dollara lüks mənzil alıb. Lakin tikinti şirkəti tezliklə layihədən imtina edib və müflis olduğunu elan edib.
Türkiyə və Azərbaycan modasının beynəlxalq arenadakı rəsmi səfiri Rüfət İsmayıl AFFFAIR tekstil firmasının və eyniadlı brendin yaradıcısıdır. O, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarestdə keçirilən moda həftələrində nümayiş etdirilən ilk azərbaycanlı dizaynerdir. Təəssüf ki, böyük ad modelyeri fırıldaqçıların hiyləsindən xilas edə bilməyib.
Rüfət İsmayıl deyir ki, 2013-cü ildə tikinti şirkəti ilə müqavilə bağlayıb. O, İstanbula köçüb orada məskunlaşmağı planlaşdırıb, bu məqsədlə hətta Bakıdakı mənzilini də satıb.
“İstanbulda ev almaq istəyirdim, amma indi ümumiyyətlə evim yoxdur – nə Türkiyədə, nə də Azərbaycanda”, - deyə o bildirib.
Aldadıldığını anlayan Rüfət İsmayıl məhkəməyə müraciət etsə də, proses hələ də davam edir.
Bildirilir ki, R.İsmayılla yanaşı, tikinti şirkəti minlərlə insanı aldadıb.